Back

Ev tapşırığı

Hazırda mövcud vəziyyətlə əlaqədar bəzi şirkətlərin əməkdaşları evdən iş görməyə başlayıb. Buna əsasən kifayət qədər rəqəmsallaşan şirkətlərin əməkdaşları daxildir. Xüsusi karantin rejimi şirkətlərin rəqəmsallaşma yolunda daha iri addımlar atmağa şərait yaratdı deyə bilərik. 

Bəs yaxşı evdən işləmək şirkət əməkdaşları üçün daha effektiv ola bilərmi? Düşünə bilərik ki, komfort baxımından daha rahat olduğu üçün, işgörənin məhsuldarligi daha yüksək olacaq. Amma düşündüyümüzün tam əksi də ola bilər. Bu baş verirsə deməli nələrisə düzgün etmirik. Ümumiyyətlə evdən işləyib daha məhsuldar necə olmaq olar? Bunun üçün bir neçə təklifimiz var:

Özünüz üçün “iş sahəsi” yaradın

Adətən ofisdə keçirdiyimiz vaxt, evdə keçirdiyimiz vaxtdan daha uzun olduğu üçün ofis masamızı erqonomik olaraq, özümüzə daha rahat formada düzürük. Qələmin yerini, bloknotun yerini, komputer ekranının bucağını və s. rahat işləyəcəyimiz formada yerləşdiririk. Evdə də bu şəraiti hazırlamaq vacibdir. Qısacası, işimizi sevərək gördüyümüz bir sahəni yaradaraq, hər gün daha böyük həvəslə işə başlamalıyıq.

İş saatı təyin edin

Özümüzə evdən iş görməyimizə baxmayaraq iş saatı təyin etsək daha stabil, daha proqramlı, daha keyfiyytəli bir iş görmüş olarıq. İstənilən saatda yuxudan durub, istənilən saatda işə başlamaq arzusu ilə evdən işləmək istəyə bilərik. Ancaq unutmayaq ki, uğurlu olmaq üçün bu metod qətiyyən işə yaramır. 

Evdən iş görərkən normaldan daha az vaxt işləyəcəyimizi düşünə bilərik. Amma bir çox hallarda bu belə olmaya bilər. Normalda 1 saata görə biləcəyimiz işi, bu rahatlıqla 2 saata bitirə bilərik. Yaxud ev işləri, ailə məsələləri bizim işimizi daha da ləngidə bilər. Bunları nəzərə alaraq, iş saatımızı öncədən təyin edib, o saatlarda işləmək ən doğru metoddur.

Mütləq fasilə verin

Evdə çalışmağımıza baxmayaraq ara vermək çox vacibdir. İş gördüyümüz masadan qısa bir müddətə uzaqlaşmaq, çay və ya qəhvə içmək, nahar etmək kimi fasilələr verə bilərik. Evdən iş görmək gün ərzində yalnız işi düşünmək demək deyil. Normal ofis şəraitindəki kimi fasilələr verməliyik ki, ruh yüksəkliyimizi itirməyək və görülən işin keyfiyyətini daha da yüksəldə bilək.

Diqqətinizi dağıdan şeylərdən uzaq durun

Evdə iş görərkən diqqətimizi dağıdacaq bir çox şeylə rastlaşa bilərik. Məsələn yemək hazırlamaq, evi təmizləmək, televizora baxmaq və s. Bunu bu cür düşünməliyik: Əgər ofisdə işləsəydik, bu işləri günün hansı saatında görəcəkdik? Əlbəttə ki, işdən qayıdandan sonra. Bu halda diqqətimizi dağıdacaq, bizi işdən ayıracaq digər işləri “ofisdən evə gəlmə” saatına uyğunlaşdırmalıyıq.

Texnologiyadan faydalanın

Günümüzdə iş yoldaşlarımız, müştərilər və ya partnyorlarla əlaqə saxlamaq üçün bir çox texnologiya mövcuddur. Bunlardan özümüzə ən əlverişli olanını seçib mütləq istifadə etməliyik. Video zənglər, görüntülü iclaslar, telefon danışıqları və mesajlaşmadan daha çox faydalıdır. Bu həm yalnız olmadığımızı bizə xatırladır, həm də iş məsuliyyətini artırır.

Ofis mühitində işləmək bir çoxlarımız üçün əlbəttə daha effektiv hesab oluna bilər. İş intizamı baxımından ofis mühiti, ev mühitinə görə, görülən iş baxımından daha məhsuldardır. Çünki evdə hər şey daha rahatdır və hər an diqqətimizin dağılması üçün bütün “şərait” mövcuddur. Bunun nəticəsində də az iş görürük və ya daha asan işlərə üstünlük veririk. Bu da uğursuz olmağımızla nəticələnə bilər. Amma mövcud vəziyyətlə əlaqədar evdən işləmək məcburiyyətimiz varsa, yuxarıda sadalanan qaydalara əməl edərək həm öhdəliyimizdə olan işi daha yüksək keyfiyyət və sürətlə görərək ruh halımızı yüksək tuta bilərik. Bununla da, ofisə geri döndüyümüz gün, heç ofisdən ayrılmamış kimi işimizə davam edə bilərik.